Gəncə şəhərində ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən dəstəklənən “İngilis dili – həyata fərqli baxışdır” layihəsinin açılışı baş tutmuşdur. Açılışda Müvəqqəti işlər vəkili Hüqo Qevara və səfirliyin digər məsul şəxsləri, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, məktəb direktorları, valideynləri, KİV nümayəndələri iştirak etmişdirlər. Gəncənin 12, 14, 26, 32, 34 və 43 saylı orta məktəblərindən 14-15 yaşlı 100 şagirddən 2 mərhələdən 50 şagird qalib olaraq 8,5 ay müddətində təşkil ediləcək ingilis dili məşğələlərində, danışıq klublarında və digər sosial yönümlü təlimlərdə iştirak edəcəklər.
Müvəqqəti işlər vəkili Hüqo Qevara çıxışında şagirdləri və valideynləri ABŞ səfirliyinin dəstəyi ilə həyata keçirilən ingilis dili proqramına seçilməkləri münasibətilə təbrik edib, proqram müddətində şagirdlərə kommunikativ tədris metodlarına əsaslanan, tələbələrin danışıq və anlama bacarıqlarının artırılmasına diqqət yetirən yüksək keyfiyyətli ingilis dilinin tədris ediləcəyindən əmin olduğunu bildirib.
Səfirlik proqrama seçilən şagirdlərə və müəllimlərə uğurlar arzulayıb. Çıxış edən Anar Qədiməliyev, valideynlər, şagirdlər məmnunluqlarını bildiriblər. Sonda şagirdlərə səfirlik tərəfindən hədiyyələr təqdim edilib.