Gəncə Regional Qadın Mərkəzi “Gender məktəbi”

Gəncə Regional Qadın Mərkəzi ““Gender məktəbi” çərçivəsində fəaliyyətlərin təşkili” layihəsində nəzərdə tutulan tədbirləri uğurla davam etdirir.

Layihənin məqsədi məktəblərdə Gender bərabərliyinin təşviqi ilə tolerant, tənqidi düşüncəyə malik, təşəbbüskar və SMART yeni nəslin yetişdirilməsinə tövhə verməkdir. Sabunçu rayonu Nardaran 130 nömrəli, Maştağa 209 nömrəli, Qala 185 nömrəli tam orta məktəblərinin 8-9-cu siniflərində təhsil alan 200-dən artıq qız və oğlan şagirdlərlə görüş təşkil edilmişdir. Şagirdlərin genderlə bağlı bilikləri yoxlanıldıqdan sonra onlara yeni məlumatlar verildi. Həmçinin şagirdlər təhsildə, o cümlədən onların məktəbində gender göstəriciləri ilə tanış oldular. Görüş müddətində təhsilin həyatda tutduğu önəmli yerdən, təhsildən yayınmanın fəsadları barədə müzakirələr aparıldı. Şagirdlərə karyera seçimi ilə bağlı məsləhətlər verildi.

Bu məktəblərdədə təhsil alan şagirdlərin valideynləri ilə Gender bərabərliyi, təhsildə gender göstəriciləri, təhsildən yayınmanın səbəbləri, qızların təhsil hüquqları, peşəyə yönləndirmə və s. haqqında müzakirələr keçirildi.

Şagirdlərin müəllimləri ilə keçirilmiş görüşdə onlar şagirdləri ilə birlikdə Gender məktəbinin iştirakçıları olaraq gender biliklərini artırdılar. Müəllim-şagird-valideyn münasibətləri, icma ilə iş, qızların təhsilə cəlb edilməsinin yolları, valideynlərin məktəbə cəlb edilməsi əsas müzakirə mövzusu oldu. Növbəti mərhələdə şagirdlərin universitetlərə infoturu gözlənilir.

Layihə fəaliyyətləri BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində nəzərdə tutulmuş gender bərabərliyi, Azərbaycan Respublikasında qəbul edilmiş Gender bərabərliyi haqqında qanunun məqsədlərinə uyğun olaraq davam edir. Layihə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənmişdir.