“Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gəncədə su israfı əleyhinə maarifləndirmə” layihəsinin icrasına başlamışdır.
Layihənin əsas məqsədi Gəncə şəhərində əhali arasında su ehtiyatlarından səmərəli istifadə vərdişlərinin formalaşdırılması, su israfının azaldılması və ekoloji məsuliyyətli davranışların təşviq edilməsi yolu ilə su resurslarının qorunmasına töhfə verməkdir.
Məlumdur ki, son illərdə iqlim dəyişikliyi ilə əlaqədar su qıtlığı bütün dünyada müşahidə olunur və Azərbaycan, o cümlədən Gəncə şəhəri də bu problemdən kənarda qalmır. Xüsusilə şirin su mənbələrinin azalması əsas risklərdən biridir.
Layihə çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində, Azərbaycan Texnologiya Universitetində, Gəncə Dövlət Universitetində, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecdə, AMEA-nın Gəncə bölməsində, 4 nömrəli xarici dil təmayüllü məktəbdə, 25 nömrəli orta məktəbdə və 441 nömrəli təbiət və humanitar fənlər liseyində maarifləndirici görüşlər keçirilmişdir.
Görüşlərdə əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra iştirakçılara layihənin məqsədi haqqında ətraflı məlumat verilmişdir.
Tədbirlər zamanı Azərbaycanın su ehtiyatları barədə məlumat təqdim edilmiş və mövzuya dair videoçarx nümayiş etdirilmişdir. Həmçinin Gəncənin su ehtiyatları və mənbələri, şəhərin su təchizatı sistemində mövcud vəziyyət və gələcək planlar haqqında məlumat verilmişdir.
“Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planı”na (SECAP) əsasən Gəncə üzrə hazırlanmış hesabat da auditoriyaya təqdim edilmişdir.
Görüşlərdə müxtəlif ixtisaslar üzrə tədris aparan professor-müəllim heyəti, universitetlərin prorektorları, gənclər təşkilatlarının sədrləri, tələbələr və şagirdlər iştirak etmişlər.
İştirakçıların diqqətinə çatdırılmışdır ki, sudan qənaətlə istifadə sahəsində gənclərin və yeniyetmələrin maarifləndirilməsi, onların vasitəsilə digər ailə üzvlərinin də məlumatlandırılması və nəticədə Gəncə əhalisinin daha geniş hissəsinin bu prosesə cəlb olunması layihənin əsas hədəflərindəndir.
Tədbirlərdə çıxış edənlər layihənin məqsədlərini dəstəklədiklərini bildirərək su israfının yaratdığı ciddi ekoloji təhlükələrlə bağlı narahatlıqlarını ifadə etmiş və su ehtiyatlarının qorunmasının vacibliyini vurğulamışlar.























