Polşa Respublikasının paytaxtı Varşava şəhərində “Türk dünyası araşdırmaları – multidissiplinar perspektivlər” adlı VI Beynəlxalq Türkologiya Konqresi təşkil edilmişdir. Konqres çərçivəsində təşkil edilmiş çoxsaylı panellərdə Azərbaycandan olan alimlər də iştirak etmişdirlər.
Konqres çərçivəsində ilk dəfə olaraq Azərbaycan və Türk Dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərinə həsr olunmuş panel keçirilib. Paneldə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndəsi elmlər doktoru Vəfa Quliyeva, Tarix elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Gəncə Regional Qadın Mərkəzinin sədri Məleykə Əlizadə, AMEA-nın professorları Əhməd Məmmədov, Tahirə Məhəmməd, Bakı Dövlət Universitetinin dosenti Sevinc Qasımova iştirak edərək Qarabağın epiqrafik abidələrindən, Şuşanın maddi – mədəni tarixi və türk ortaq mədəniyyətinə təsirindən, Şuşa şəhərinin yenidən qurulmasına və elmi inkişafına təkan verən təkliflər, Şuşada maarifçilik hərəkatından, XIX əsrdə Şuşanın ədəbi və sosial həyatında qadınların rolundan maraqlı təqdimatlar etdilər.
Digər panellərdə BDU-nun dosenti, Sabir Fondunun rəhbəri Sevda Tahirli Mirzə Ələkbər Sabir yaradıcılığının türk dünyasına verdiyi töhvədən, BDU-nun müəllimi, tarix elmləri üzrə fəlsəfə doktoru Zərifə Nəzirli isə İkinci Qarabağ müharibəsində Türkiyə-Azərbaycan dostluğunun beynəlxalq mediada işıqlandırılmasından bəhs etmişdir.
“Şuşa paneli”nin təşkili Gəncə Regional Qadın Mərkəzinin təşəbbüsü, Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfirliyi və Varşava Universitetinin təşkilatçılığı ilə yaradılmışdır. Gəncə Regional Qadın Mərkəzinin sədri Məleykə Əlizadənin konqresdə iştirakı Azərbaycan Respublikasının QHT-ə Dövlət Dəstəyi Agentliyinin “Səfər Qrantı” çərçivəsində maliyyələşdirilmişdir.