“Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi Qarabağ və Şərqi Zəngəzurda qadınlarla görüşlər təşkil edir

“Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin “Qadın Təşəbbüs qruplarının yaradılmsı” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi müsabiqədə qalib olmuşdur. QHT Agentliyinin maliyyə dəstəyi ilə Qarabağda və Şərqi Zəngəzurda – Xankəndi, Şuşa və Laçında uğurla həyata keçirilən layihənin əsas məqsədi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərindən Qarabağ və Şərqi Zəngəzurda qadınların cəmiyyətə inteqrasiyasını gücləndirmək, onların iqtisadi, mədəni və sosial proseslərdə iştirakına dəstək verməkdir. Uzun illər məcburi köçkün icmaları ilə işləyən ictimai birlik “Azərbaycan Respublikasının işğaldan azad edilmiş
ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən artıq fəaliyyətini azad edilmiş, qurulan və inkişaf edən ərazilərdə davam etdirir.

Layihənin məqsədinə uyğun olaraq Xankəndi, Qarabağın mədəniyyət paytaxtı olan Şuşa, Şərqi Zəngəzurun incisi Laçında qadınlarla görüşlər təşkil edilmişdir. Müxtəlif idarə və müəssisələrdə çalışan, təqaüddə olan ziyalı qadınlarla görüş keçirilmişdir. Görüşlərdə Xüsusi Nümayəndəliklərin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin səlahiyyətli şəxsləri, “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi İdarə Heyətinin sədri Məleykə Əlizadə, Qarabağ Universitetinin müəllimi, layihənin eksperti Nigar Ramazanova iştirak etmişdir. Görüşlərdə “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi İdarə Heyətinin sədri Məleykə Əlizadə çıxış edərək layihənin məqsədi və hədəflər haqqında məlumat vermişdir. Azərbaycanda mövcud qanunvericiliyə görə qadınların müxtəlif sahələrdə iştirakçılığını artırmaq üçün dövlət siyasətindən, bu siyasətin həyata keçirilməsinə dəstək olaraq müxtəlif layihələrin həyata keçirilməsində fəaliyyət göstərən “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi və digər QHT-lərin rolundan danışan Məleykə Əlizadə qadınların, o cümlədən Qarabağ və Şərqi Zəngəzur xanımlarının cəmiyyətdə xüsusi çəkiyə malik olmaları və bu istiqamətdə iştirakçılıqlarının genişlənməsinin zəruriliyini qeyd etdi. Xüsusilə, Qarabağ və Şərqi Zəngəzurda yaşayan qadınların qayıdışdan sonra proseslərdə fəal iştirakı, yeni nəslin yetişməsində onların rollarının böyük olduğu xüsusi vurğulandı.

Layihənin eksperti Nigar Ramazanova “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” haqqında görüş iştirakçılarına məlumat verdi. O qayıdışdan əvvəl və sonra həyata keçirilən və nəzərdə tutulan işlər, qayıdışdan sonra cəmiyyətə inteqrasiya, bu yolda rastlaşılan çətinliklər və onların aradan qaldırılmasına həssas yanaşılmasının yolları barədə geniş məlumat verdi. Nigar Ramazanova görüş iştirakçılarına Qarabağ və Şərqi Zəngəzuru iqtisadi, sosial və mədəni inkişafında necə iştirak edə biləcəklərini konkret misallarla izah etdi. Müzakirədə iştirak edən xanımlar fəaliyyətlərini göstərilən məsləhətlərə uyğun genişləndirməyin daha çox fayda verəcəyini qeyd etdilər. Tədbirdə iştirak edən Xüsusi Nümayəndəliklərin məsul şəxsləri belə görüşlərin qayıdışdan sonra böyük əhəmiyyət daşıdığını vurğuladılar. İdarə, müəssisə, təşkilatların qadın əməkdaşları və sakinlər məcburi köçkün qadınların cəmiyyətə inteqrasiyası ilə bağlı geniş müzakirələrə qoşuldular, bəzi təklif və tövsiyələrini irəli sürdülər. Görüşün keçirilməsində dəstək olan Xankəndi, Şuşa, Laçın Xüsusi Nümayəndəliklərinə və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə minnətdarlığımızı bildiririk.